Tarix

Qədim alman atalar sözündə deyilir- «Zandes Zand ist dem Mensen ein fatere and.» (hər bir torpaq insan üçün vətəndir.) Dəqiq deyə bilmərik, amma bizə elə gəlir ki, bu atalar sözünü gələcəyə xoş arzularla və ümidlərlə baxan, öz vətənlərini bəlkə də həmişəlik tərk edən insanlar yaratmışlar. Kim bilir, bəlkə də öz bəxtlərini sınayan və yeni vətən arzusuyla yurdlarını həmişəlik tərk edən Vürtemberq almanları üçün də məhz bu sözlər təsəlli olmuşdur. Bəli, Azərbaycan onlar üçün yeni vətən oldu. Yelizavetopol quberniyasında, qədim Gəncədə, dahi filosof Nizami Gəncəvinin vətənində Şvab köçkünlərinə gözəl torpaqlar ayrıldı.
1819-cu ildə, Gəncənin 7 milliyində, qədim yaşayış məskəni Xanlıqlar kəndinin ərazisində Vürtemberq almanlarına ayrılmış torpaqlarda (sonralar Xanlar, indi isə Göygöl şəhərinin yaxınlığında) Azərbaycanda ilk alman koloniyası olan Yelenendorf yarandı. Yelenendorfun təsərrüfat fəaliyyətində üzümlüklər lap əvvəldən başlıca rol oynamağa başlamışdı. Almanlar yerli üzüm sortlarını Gəncə çayının ətəklərində becərməyə başlamışdılar. Beləliklə üzümçülük və şərabçılıq Şvab almanlarının əsas təsərrüfat fəaliyyətinə çevrilmişdi. Yelenendorfda hər bir alman ailəsinin evlərinin zirzəmilərində, yerli palıddan hazırlanmış çəlləklərdə özlərinin hazırladıqları şərablar saxlanılırdı.
1860-cı il, Azərbaycanda geniş miyqaslı şərabçılıq sənayesinin yaradılması və sonrakı inkişaf tarixinin başlanğıcı idi. Bu yeniliklərin başında Yelenendorfdan olan alman sahibkarları Xristofor Forer və Xristian Qummel dayanırdılar. 1860-cı il hazırkı Göygöl Şərab Zavodunun yaradılması tarixi hesab edilir. 1862-cı ildə «Forer Qardaşları» səhmdar cəmiyyəti təsis olunur. Bu cəmiyyətə X. Forer və onun oğulları Qotlob, Fridrix, Henrix və Xristofor rəhbərlik edirdilər. Elə həmin vaxt «Qummel Qardaşları Ticarət Evi» səhmdar cəmiyyətı yaradıldı ki, bunun da başında X.Qummel və onun oğulları Yakob, Albert, Georq və Qotlib dururdular. Hər iki cəmiyyətın idarə heyəti Yelenendorfda yerləşirdi, onların nümayəndəlikləri və satış mərkəzləri isə Gəncə,Bakı, Tiflis, Peterburq, Moskva, Kiyev, Odessa, Tomsk və Batumi şəhərlərində fəaliyyət göstərirdi. 8 avqust 1922-ci ildə bu zavodun əsasında yaradılmış «Konkordiya» kooperativi o vaxtlar bütün Qafqaz regionunda şərab, konyak va araq istehsal edən ən böyük şərabçılıq təsərrüfatı idi. Bir faktı göstərmək kifayətdir ki, 1924-1925-ci illər ərzində «Konkordiya» cəmiyyəti 1 350 397 vedrə şərab istehsal etmişdi.
Sovet İttifaqı dövründə «Xanlar Aqrosənaye» adı altında fəaliyyət göstərən bu müəssisə Azərbaycanda ən böyük şərabçılıq müəssisəsi idi. SSRİ miqyasında isə konyak istehsalına görə üçüncü yeri tuturdu. 1985-ci ildə, dəmir-beton və emallanmamış qabları çıxmaqla, konyak spirtinin saxlanması üçün nəzərdə tutulan palıd çəlləklərin ümumi tutumu 1 000 000 dekalitr, içərisi şüşə emallı polad çənlərin tutumu isə 1 200 000 dekalitr təşkil edirdi. 1984-cü ildə zavodun balansında orta məhsuldarlığı 286 sentner/ha təşkil edən 1500 hektar üzüm sahəsi var idi. Həmin il ümumi məhsulun dəyəri 84 017 000 sovet rubluna bərabər idi. Bəli, bu bizim indiki «Göygöl Şərab Zavodunun» layiqli tarixidir.
Və sonda, sizi zavodun hazırkı tarixini əks etdirən foto arxivə baxmağa dəvət edirik.