Göygöl rayonu (keçmiş Xanlar rayonu) respublikamızın kənd təsərrüfatında, aqrar-sənaye kompleksinin inkişafında mühüm rol oynayan bölgələrdən hesab edilir. Rayonun yerləşdiyi əlverişli coğrafi mövqe burada müxtəlif növ kənd təsərrüfatı məhsullarının istehsalına imkan verir.
1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağı uçaraq Ağsu çayının qarşısını kəsmiş və nəticədə, füsunkar gözəlliyi, xüsusilə də suyunun şəffaflığı ilə seçilən məşhur Göy-göl yaranmışdır.
Azərbaycanda qədim şərabçılıq regionu haqlı olaraq Göygöl rayonu hesab edilir. Arxeoloqlar Göygöl rayonu ərazisində eramızdan əvvəl II əsrə aid şərabçılıq inventarları aşkar etmişlər. Amma Göygöldə şərabçılığın müasir tarixi XIX əsrin birinci yarısında başlamış, XIX əsrin ortalarından etibarən isə inkişaf etməyə başlamışdır. 1819-cu ildə, Gəncənin 7 milliyində, qədim yaşayış məskəni Xanlıqlar kəndinin ərazisində Vürtemberq almanlarına ayrılmış torpaqlarda (sonralar Xanlar, indi isə Göygöl şəhərinin yaxınlığında) Azərbaycanda ilk alman koloniyası olan Yelenendorf yarandı. Təbiətin zənginliyi və ecazkar gözəlliyi onları məhz bu torpaqlarda məskən salmağa vadar etdi. 1860-cı ildə qonaqpərvər Azərbaycan torpaqlarında özlərinə məskən salmış alman sahibkarları rayonun ərazisində Göygöl Şərab Zavodunun əsasını qoymuşlar. Həmin vaxtdan etibarən Göygöl rayonunda şərabçılıq və üzümçülük sürətlə inkişaf etməyə başlamışdır. Sovet Hakimiyyəti illərində rayon təkcə respublikamızda deyil, ümumiyyətlə keçmiş İttifaq miqyasında özünün yüksək keyfiyyətli şərab məhsulları ilə tanınmışdır. Bu illər əzində respublikamızda üzümçülük və şərabçılıq sürətlə inkişaf etmişdir.
Qədim şərabçılıq və üzümçülük ənənələrinə, yüksək ixtisaslı kadrlara, əlverişli təbii-coğrafi şəraitə, bir vaxtlar respublikamızın hüdudlarından çox-çox uzaqlarda məşhur olmuş brendlərə malik respublikamızın bu sahədəki imkanları kifayət qədər yüksəkdir. Şərab məhsullarının əsas bazarı hesab edilən MDB və Baltikyanı ölkələrlə yanaşı, Rusiya da böyük şərab istehlakçısıdır. Şəraba olan tələbatının yarıdan çoxunu idxal hesabına ödəyən Rusiyada şərabın daimi istehlakçılarının sayı il ərzində orta hesabla 10% artır. Həm Rusiyada, həm də azərbaycanda əhalinin həyat şəraitinin yaxşılaşması və gəlirlərinin artması ilə bu tendensiya daha da güclənəcək və bahalı şərablara olan təlabat da artacaqdır. Bu da ölkəmizdə şərabçılığın inkişafına növbəti təkan olacaqdır.
Bu baxımdan "Vinaqro" Məhdud Məsuliyyətli Cəmiyyətinin gördüyü işlər təqdirəlayiqdir. "Vinaqro" MMC 2006-cı ildə təsis edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçmişdir. "Xanlar Aqrosənaye" ASC-nin səhmlərinin özəlləşdirilməsi nəticəsində yaradılan "Vinaqro" yüksək ixtisaslı üzümçü və şərabçıları öz sıralarına cəlb etmişdir. MMC kənd təsərrüfatı məhsullarının istehsalı, tədarükü, emalı və satışı, o cümlədən heyvandarlıq, quşçulq, bağçılıq, arıçılıq, şərabçılıqla məşğul olmaq hüququna malikdir. Hal-hazırda isə "Vinaqro" MMC-nin başlıca məqsədi "Göygöl Şərab Zavodu" ASC-nin fəaliyyətini bərpa etmək, rayonda üzümçülüyü və şərabçılığı inkiaf etdirmək, yerli əhalini yeni iş yerləriylə təmin etmək və respublikamızdakı sürətli iqtisadi inkişafdan istifadə edərək dünya bazarına yüksək keyfiyyətli yerli məhsul çıxarmaqdır.
"Vinaqro" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, T. Əliyev küçəsi, ev 25-dir.